AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-03-31 08:13:01 1021

AMEA Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirildi

AMEA Neft və Qaz İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası 31 Mart -Azərbaycanlıların Soyqırımı Günü münasibətilə online iclas keçirdi. İclasda elmi işlər üzrə direktor müavini, elmi katib və gənc alim və mütəxəssislər iştirak etmişdir.
İclasda ilk öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra, elmi işlər üzrə direktor müavini, g.-m.e.d., prof. Vaqif Qurbanov 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü barədə ətraflı məlumat verdi. O bildirdi ki, Azərbaycanlıların soyqırımından bəhs ediləndə daha çox 1918-ci ilin martında Bakıda, Şamaхıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli və Gənc Alim və Mütəxəssislər Şurasının katibi Səidə Pənahova təqdimatlarla çıxış etdilər.