AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-04-08 08:51:28 1045

UFAZ-ın tələbələri Neft və Qaz İnstitutunda təcrübə keçirlər

Azərbaycan-Fransa Universitetinin (UFAZ) tələbələri AMEA-nın Neft və Qaz İnstitutunda istehsalat təcrübəsi keçirlər.

Təcrübə “Neft-qaz mühəndisliyi” ixtisası üzrə müəssisənin Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri, Lay sistemlərinin hidroqazdinamikası və Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbələrində keçirilir.

Tələbələr tematik plana uyğun olaraq nəzəri və eksperimental tədqiqat işləri ilə tanış olurlar. Tədqiqatlarda tətbiq edilən riyazi üsullar və təcrübə qurğuları üzrə seminar məşğələləri keçirilir. Tələbələrin təcrübə zamanı tamponaj məhlullarının xassələrinin tədqiqində eksperimental işlərin qoyuluşu, planlaşdırılması, nəticələrin emalı və interpretasiyası işlərinə cəlb olunması da nəzərdə tutulur.

Təcrübə müddətində tələbələr süxurların reologiyası nəzərə alınmaqla karbohidrogen yataqlarının işlənilməsinin layihələndirilməsi və ehtiyatların idarə edilməsi üzrə yeni proqnoz üsullarının yaradılması ilə bağlı tədqiqatlarla bağlı məsələlərin qoyuluşu haqqında müfəssəl nəzəri-təcrübi biliklər əldə edir, eyni zamanda həmin məsələlərin həllinə tətbiq edilən metodiki yanaşmalar və alınmış müvafiq həll və alqoritmlərin kompüterdə realizasiyası üzrə əməli bacarıqlara yiyələnirlər.

Sonda qeyd edək ki, təcrübənin keçirilmə müddəti 8 həftədir.