AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-05-25 11:40:01 1036

AMEA Neft və Qaz İnstitutunun Elmi şurasının onlayn iclasında bir sıra elmi və elmi-təşkilati məsələlər müzakirə olunub

AMEA Neft və Qaz İnstitunun Elmi şurasının onlayn iclası keçirilib. İnstitutun direktoru, akademik Fəxrəddin Qədirovun sədrlik etdiyi iclasda elmi işlər üzrə direktor müavini, elmi katib, elmi şura üzvləri, şöbə müdirləri və digər aidiyyəti əməkdaşlar iştirak ediblər.

Əvvəlcə akademik Fəxrəddin Qədirov gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib.
İclasda t.e.n. Yevqeniy Mamalovun "Yataqların qeyri-bircinsliliyinin lay daxili yanma prosesinə təsiri" mövzusunda məruzəsi dinlənildi. Məruzəçi aparılan elmi tədqiqat işi çərçivəsində laborator tədqiqatlar əsasında çox təbəqəli qeyri-bircins layların neft veriminin artırılmasında lay daxili yanma prosesinin tədbiqinin effektivliyi üzrə əldə edilmiş bir sıra yeni elmi nəticələri təqdim etdi:

- Laylar arasında keçirməz təbəqənin qalınlığı artdıqca lay daxili yanma prosesindən yaranan istilik effektinin neft veriminə təsiri azalır.
- Aparılan tədqiqat nəticələrinə nəzarən oxşarlıq meyarları əsasında naturaya keçid müəyyənləşdirilmişdir.
- Laylar arasında mövcud olan keçirməz təbəqənin qalınlığının limit qiymətinin lay daxili yanma prosesinə təsiri öyrənilmişdir.

Məruzə iclas iştirakçılarının böyük marağına səbəb oldu və mövzu ətrafında müzakirələr aparıldı. Yevqeniy Mamalovun "Yataqların qeyri-bircinsliliyinin lay daxili yanma prosesinə təsiri" mövzusunda məruzəsinin aktuallığı qeyd olundu və mövzu üzrə tədqiqatların davam etdirilməsinin məqsədəuyğun hesab edilməsi haqqında qərar qəbul edildi.
Elmi məruzədən sonra Təhsil şöbəsinin müdiri Arif Hüseynov AMEA Neft və Qaz İnstitutunda təhsil alan doktorant və dissertantların attestasiyasının nəticələri haqqında məlumat verdi. Fəlsəfə doktorluğu hazırlığı üzrə əyani doktorant Aysel Kamil qızı Məmmədovanın və Sevil Məstan qızı Qəhrəmanlının dissertasiya mövzusunun qismən dəyişdirilməsi haqqında qərar qəbul olundu. Fəlsəfə doktorluğu hazırlığı üzrə əyani doktorant Səfiyə Əliyevanın təhsil müddətinin başa çatması ilə əlaqədər doktoranturadan xaric edilməsi qərara alındı.

Gənc alim və mütəxəssislər Şurasının sədri Pünhan Səmədli şuranın təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Neft-qaz problemləri və perspektivləri” mövzusunda elmi-praktiki konfransın yekunları haqqında danışdı.

İclasın sonunda elmi işçi vəzifəsinin tutulması üçün müsabiqə keçirildi.