AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-05-29 08:54:40 116

Famil Mustafayev: “Elmi tədqiqat işlərinin sənayenin, biznesin və innovasiya iqtisadiyyatının çağırışlarına fokuslanması günün tələbidir”

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev AMEA-nın 27 may 2021-ci il tarixində keçirilən Ümumi Yığıncağında çıxış edib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələri əhatə edən kompleks və ardıcıl islahatların tərkib hissəsi kimi ölkəmizdə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, elmi dərəcə və elmi adların verilməsi sahəsində komissiyanın son iki ili əhatə edən fəaliyyətinə dair atılmış addımlar, yenilənmiş normativ sənədlər, əlavə və dəyişiklik edilmiş qaydalar barədə məlumat verib.

F.Mustafayev ölkə başçısının 11 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” ilə elmi-pedaqoji kadrların qayda və şərtlərinə əhəmiyyətli dəyişikliklərin edildiyini vurğulayıb. Qeyd edib ki, pandemiya səbəbindən gündəlik iş rejimində çalışan digər qurumlar kimi, komissiya da öz fəaliyyətində müəyyən çətinliklərə üzləşmişdir: “Buna baxmayaraq, komissiya xüsusi karantin rejiminin tələblərinə əməl etməklə yanaşı, qısa müddət ərzində fəaliyətini yeni reallığa uyğunlaşdırmağa çalışmışdır. Bu müddət ərzində komissiyanın fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, dissertasiya müzakirələri və müdafiələrinin distant keçirilməsi təmin edilmiş, Komissiyanın Rəyasət Heyətinin, Kollegiyasının, ekspert şuralarının iclasları məsafədən həyata keçirilmişdir”.

Onun sözlərinə görə, xüsusi karantin rejimi dövründə komissiya 173 fəlsəfə doktoru, 23 elmlər doktoru elmi dərəcəsinin, 45 dosent, 16 professor elmi adının verilməsi barədə qərar qəbul etmişdir. Xarici ölkələrdə verilmiş 21 fəlsəfə doktoru, 3 elmlər doktoru və 1 professor elmi adı haqqında sənəd təkrar attestasiya əsasında tanınmışdır. Bununla yanaşı, 59 fəlsəfə doktoru, 5 elmlər doktoru elmi dərəcəsinin, 5 dosent, 2 professor elmi adının verilməsindən imtina edilmişdir. Xarici ölkələrdə alınmış 5 fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədin təkrar attestasiyasının tanınmasından imtina edilmişdir. Komissiyanın tarixində ilk dəfə olaraq plagiat səbəbindən əvvəllər verilmiş fəlsəfə doktoru elmi dərəcəsindən məhrumetə haqqında qərar qəbul edilmişdir.

F.Mustafayev dissertasiya şuralarının statistikasından bəhs edərək bildirib ki, xüsusi karantin rejimi dövründə 32 elmi müəssisə və təşkilatda, 19 ali təhsil müəssisəsində bugünədək 269 ixtisas üzrə 142 Dissertasiya şurası (79-u daimi, 63-ü birdəfəlik olmaqla) yaradılmışdır. Bu şuraların fəaliyyətinə 1500-dən çox yüksəkixtisaslı mütəxəssis, o cümlədən AMEA-nın 108 həqiqi və müxbir üzvü cəlb olunmuşdur. AMEA sistemində 26 müəssisənin nəzdində 30 dissertasiya şurası yaradılmışdır.

“Pandemiya dövründə yaşanan çətinliklər Dissertasiya şuralarının fəaliyyətinin təşkili, müdafiələrin keçirilməsi ilə bağlı müsbət təcrübələrin də qazanılmasına səbəb olmuşdur”, – deyə vurğulayan komissiya sədri əlavə edib ki, müdafiələr distant qaydada keçirildiyindən dissertasiya şuralarının işinə cəlb edilən əcnəbi mütəxəssislərin sayı artırılmışdır: “Bu isə elmi işlərin aprobasiyası, elmi işlərin nəticələrinin tez bir zamanda ölkə hüdudlarından kənarda tanıdılması, Azərbaycan alimlərinin beynəlxalq aləmdə nüfuzunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Onun sözlərinə görə, hazırda müxtəlif elm sahələri üzrə fəaliyyət göstərən Dissertasiya şuralarında Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Belarus da daxil olmaqla 8 ölkədən 13 elm sahəsi üzrə 40 əcnəbi yüksəkixtisaslı mütəxəssis təmsil olunur. F.Mustafayev bu təcrübənin müsbət nəticələrini nəzərə alaraq postpandemiya dövründə də davam etdirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

O, bildirib ki, komissiyanın rəsmi saytında gizli səsvermənin keçirilməsi üçün elektron səsvermə bölməsi yaradılmış və bu məqsədlə xüsusi proqram təminatı istifadəyə verilmişdir. Mart ayından etibarən bu formatda 100-dən çox dissertasiya müdafiəsi təşkil olunmuş, yaxın bir ay ərzində isə 70-dən çox dissertasiya müdafiəsi barədə elan komissiyanın rəsmi İnternet saytında yerləşdirilmişdir.

Akreditasiya işi ilə bağlı komissiyada 106 elmi müəssisə barədə məlumatı ehtiva edən elmi bazanın formalaşdırıldığını deyən alim ölkəmizdə elmi müəssisə və təşkilatların akkreditasiya işinin müasir tələblərə, beynəlxalq standartlara uyğun təşkil edilməsi üçün Avropa ittifaqının maliyyə dəstəyi ilə Belçika Krallığının İBF konsaltinq şirkəti ilə Azərbaycanda elmi tədqiqat müəssisələrinin akkreditasiyasının gücləndirilməsi layihəsinin icra olunduğunu bildirib. Qeyd edib ki, layihə çərçivəsində akkreditasiya sahəsində normativ-hüquqi bazanın yenilənərək müasir standartlara uyğunlaşdırılması, pilot qaydada 3 elmi müəssisənin akkreditasiyasının keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə bu ilin sonunadək AMEA, AR Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyindən hər birinin tabeliyində olan bir müəssisədə akkreditasiyanın keçirilməsi planlaşdırılır.

“Son illərdə elmi tədqiqat işlərinin sənayenin və biznesin, innovasiya iqtisadiyyatının çağırışlarına fokuslanması günün tələbidir”, - deyə bildirən komissiya sədri vurğulayıb ki, qeyd edilən məqsədlərə çatmaq məqsədilə yüksəkixtisaslı kadr hazırlığının müasir çağırışlara uyğun təşkil edilməsi üçün nomenklaturun yeni məzmunda formalaşdırılması, təsnifata yeni elm sahələrinin əlavə edilməsi və aktual olmayan sahələrin təsnifatdan çıxarılması, eləcə də ixtisasların passportunun yenilənməsi qarşımızda duran vacib məsələlər sırasındadır. Əlavə edib ki, hazırda komissiyada beynəlxalq normativ sənədlər, eləcə də nüfuzlu elm mərkəzlərinin müvafiq sahələrdə yanaşmaları öyrənilməklə həm qloballaşan dünyanın çağırışlarına uyğun, həm də ölkəmizin elmi, milli-mədəni və sosial-iqtisadi həyatının xüsusiyyətlərini özündə ehtiva edən yeni sənədin tərtib edilməsi üzrə işlər görülür. O, AMEA ilə bu sahədə əməkdaşlığın qurulmasının zəruriliyi məsələsinə toxunub.

F.Mustafayev komissiya tərəfindən AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə birgə vahid elektron elm sisteminin hazırlanması üzərində işlərin görüldüyünü və yaxın zamanda sisteminin təqdimatı və istifadəyə verilməsinin planlaşdırıldığını bildirib. O, sistemdə alim və tədqiqatçıların elmi fəaliyyəti, əldə etdikləri nailiyyətlər, patent və ixtiraları, dərc olunmuş elmi məqalələri barədə məlumatların əksini tapacağını diqqətə çatdırıb.

Komissiya sədrinin sözlərinə görə, saxta jurnallarda məqalələrin dərcinin qarşısını almaq üçün “Clarivate Analytics” şirkətinə rəsmi müraciət edilmiş, “Web of Science” elmi bazasına giriş imkanları əldə edilmiş və nəticədə nəşr olunan elmi məqalələrin həqiqiliyinin dəqiq müəyyən edilməsi mümkün olmuşdur.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər sayəsində “Clarivate Analytics” şirkətinin məlumatına əsasən, 2019-2020-ci illərdə “Web of Science” elmi bazasına daxil olan dövri nəşrlərdə məqalə dərcinə görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında lider olmuşdur.

F.Mustafayev son iki il ərzində COVID-19 pandemiyası səbəbindən ölkəmizdə də tətbiq olunan məhdudiyyətlərin özünü elm və təhsil sahəsində daha bariz şəkildə göstərdiyini bildirərək, belə bir çətin şəraitdə AMEA tərəfindən həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirib, elmi fəaliyyətin dövrün tələblərinə uyğun qurulmasını təqdirəlayiq hesab edib.

http://science.gov.az/az/news/open/17016