AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-09-29 08:40:54 910

Minskdə səfərdə olan AMEA nümayəndələri Anım Günü tədbirində iştirak ediblər

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Akademiyanın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov Belarusun paytaxtı Minsk şəhərində ezamiyyətdədirlər.

Azərbaycanlı alimlərin səfərinin məqsədi “Müstəqil Dövlətlər Birliyinin 30 illiyi: yekunlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfransda və Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının 34-cü sessiyasında iştirak etməkdir.

Səfər çərçivəsində alimlərimiz Azərbaycan Respublikasının Belarusdakı səfirliyi tərəfindən 27 sentyabr - Anım Gününə həsr edilmiş tədbirə qatılıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində ordumuzun şücaətindən danışıblar. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın müdrik siyasəti, uzaqgörənliyi, güclü ordu quruculuğu, lider-xalq birliyi sayəsində əsgər və zabitlərimiz tərəfindən qısa müddətdə 30 ilə yaxın bir dövr ərzində işğal altında qalan torpaqlarımız düşməndən azad edildi. Vurğulanıb ki, mənfur düşmənlərimiz tərəfindən məhv edilən Qarabağda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı quruculuq işlərinə başlanılıb, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində artıq bir neçə festival keçirilib, Füzuli Beynəlxalq Hava Limanı inşa edilib, “Ağıllı kənd”, “Ağıllı qəsəbə (şəhər)” layihələri və digər yenidənqurma işləri görülməkdədir.

Həmçinin bildirilib ki, dövlətimiz tərəfindən daim qəhrəman şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Sonda vurğulanıb ki, Azərbaycan xalqı hər zaman şəhidlərini hörmətlə anır və onların xatirələrini yaşadaraq, gələcək nəsillərə çatdırır.

https://science.gov.az/az/news/open/18211