AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-10-14 13:20:14 27

Avropa Komissiyasının Horizon Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin görüşü keçirilib

Avropa Komissiyasının Horizon Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) koordinatoru, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev “Horizon 2020” proqramı üzrə fəaliyyət çərçivəsində həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr və yaranmış problemlərin müzakirəsi məqsədilə MƏŞŞ üzvləri ilə görüş keçirib.

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva 2018-2020-ci illərdə MƏŞŞ-in fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, 2018-ci ildə yenilənmiş şəbəkə üzvləri üçün AMEA-nın dəstəyilə Avstriyanın İctimai İnnovasiya Mərkəzinin tədqiqat strategiyası və inkişaf üzrə baş mütəxəssisi Qorazd Veis tərəfindən MƏŞŞ üzvlərinin vəzifə və funksiyaları üzrə praktiki təlimlər təşkil edilib. 2019-2021-ci illərdə Avropa Komissiyasının ekspertləri tərəfindən Azərbaycanın alim və mütəxəssisləri üçün layihələrin hazırlanması və COST Action üzrə təlimlər keçirilib. E.Əlirzayeva qeyd edib ki, MƏŞŞ üzvləri son illərdə Azərbaycanın elm, təhsil və səhiyyə müəssisələrinin, həmçinin dövlət təşkilatlarının alim və mütəxəssisləri üçün “Horizon 2020” çağırışları üzrə məlumatlandırıcı seminar və vebinarlar keçirib, həmçinin COST və Mari-Skladovskaya Küri proqramları üzrə hazırlanmış video materiallar AMEA-nın rəsmi veb səhifəsində və sosial şəbəkələrdə yayılıb. O, həmçinin yeni elan edilmiş “Horizon Avropa” (Horizon Europe) proqramının prioritet istiqamətləri və onlara ayrılmış maliyyə imkanları haqqında məlumat verib.

Tədbirdə MƏŞŞ üzvləri çıxış edərək son illər ərzində fəaliyyət nəticələri və qarşılaşdıqları problemləri diqqətə çatdırıblar.

Avropa Tədqiqatlar Mərkəzi və COST Action üzrə MƏŞ, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov Azərbaycanın alim və mütəxəssislərinin beynəlxalq elmi konsorsiumlara daxil olması üçün bu proqramın əhəmiyyətindən, bu istiqamətdə həyata keçirilmiş tədbirlər və nəticələrdən söz açıb. O bildirib ki, proqramda son 3 ildə Azərbaycanın iştirak etdiyi layihələrin sayı 1-dən 15-ə qədər artıb. İ.Hümbətov daha böyük uğurlar üçün TWINNING proqramlarından istifadənin və daxili şəbəkələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

İqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal istiqaməti üzrə MƏŞ, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Rövşən Kərimov MƏŞŞ üzvlərinin fəaliyyəti nəticəsində azərbaycanlı alim və mütəxəssislər tərəfindən hazırlanan və ya təqdim edilən layihələrin sayında müəyyən artımın müşahidə edildiyini bildirib, uğurlu nümunə kimi Coğrafiya İnstitutunun alimlərinin iştirak etdiyi layihə haqqında məlumat verib.

Səhiyyə, demoqrafik dəyişiklik və rifah istiqaməti üzrə MƏŞ, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun müalicə işləri üzrə direktor müavini, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Rəhimə Qabulova Horizon proqramları çərçivəsində tibbə xüsusi yer ayrıldığını və bu məqsədlə ölkəmizin səhiyyə müəssisələrinin mütəxəssisləri üçün tədbirlərin təşkil edildiyini bildirib. O, müasir elmi tələblərə uyğun olaraq multidissiplinar tədqiqat layihələri hazırlanarkən qarşıya çıxan təşkilati problemləri qeyd edib və layihələrə gənc kadrların cəlb edilməsinin vacibliyini vurğulayıb.

AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya PHŞ Demoqrafik-sosioloji trendlərin təhlili şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Rüfət Efendiyev ağıllı ixtisaslaşma (smart specialization) üzrə bir sıra Avropa, həmçinin Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilmiş tədbirlər, artıq fəaliyyətdə olan 120-yə yaxın yeni ixtisas və texnologiyaların inkişafında onların əhəmiyyətli nəticələri haqqında məlumat verib, bu istiqamətdə Azərbaycanda fəaliyyət istiqamətlərini müzakirəyə çıxarıb.

Ərzaq təhlükəsizliyi, davamlı kənd təsərrüfatı, bioiqtisadiyyat və biotexnologiya üzrə MƏŞ, AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Nabil Seyidov son illərdə MƏŞŞ üzvlərinin fəaliyyətinin əhəmiyyətini, həmçinin müxtəlif elmi-tədqiqat müəssisələrində beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndiyini önə çəkib. O qeyd edib ki, bu müəssisələrdə artıq qurulmuş elmi əlaqələr üzrə ümumi bazanın yaradılması azərbaycanlı alim və mütəxəssislər üçün layihələrin hazırlanması zamanı partnyor seçimində əhəmiyyətli rol oynaya bilər.

Avroatom üzrə MƏŞ, Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti Bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov Avroatom üzrə keçirilən tədbirlərdə iştirakı və Azərbaycanın uğurlu layihələrə qoşulması istiqamətində həll edilməli məsələlər haqqında məlumat verib. O, həmçinin tibbi müəssisələrin alim və mütəxəssisləri üçün nəzərdə tutulan xüsusi təlim seminarlarının mövzularını müzakirəyə çıxarıb.

Hüquq və maliyyə istiqaməti üzrə MƏŞ, AMEA-nın İdarəetmə sistemləri İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev “Horizon Avropa” proqramı çərçivəsində elan edilmiş istiqamətləri diqqətə çatdırıb. O, tibb, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi, bioiqtisadiyyat, iqlim dəyişiklikləri, alternativ enerji, ağıllı nəqliyyat, mülki təhlükəsizlik, mədəni irs, innovativ texnologiyalar kimi sahələrin prioritet olduğunu qeyd edib.

AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov azərbaycanlı alimlərin beynəlxalq elmi aləmə inteqrasiyasında “Horizon Avropa” proqramının əhəmiyyətini vurğulayıb, MƏŞŞ üzvləri tərəfindən qeyd edilən problemlərin həlli istiqamətində təkliflərini irəli sürüb.

Akademik İbrahim Quliyev MƏŞŞ tərkibində dəyişikliklər edilməsi və onun “Horizon Avropa” proqramının fəaliyyət istiqamətlərinə uyğunlaşdırılması məsələsini müzakirə edib. Təkliflər nəzərə alınaraq, MƏŞŞ-in yeni tərkibinə müvafiq dövlət qurumlarının, elm və təhsil müəssisələrinin qabaqcıl mütəxəssisləri daxil edilib. Azərbaycan alimlərinin 2021-2027-ci illərdə “Horizon Avropa” proqramında iştirak səviyyəsinin yüksəldilməsi məqsədilə strategiya planının hazırlanması qərara alınıb.

https://science.gov.az/az/news/open/18409