AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-12-15 09:54:49 812

Arif Mehdi oğlu Quliyev – 88 il

Bu gün Azərbaycanda neft-qaz elminin layiqli nümayəndələrindən olmuş Arif Mehdi oğlu Quliyevin anadan olmasının 88-ci ildönümüdür. A.M.Quliyevin elmi fəaliyyəti çoxşaxəli olub, neft-qaz elminin bir çox mühüm sahələrini əhatə etmişdir. O, neft və qaz yataqlarının işlənməsi, yeraltı hidrodinamika, lay və quyuların tədqiqatı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi, neft-qaz kompleksinin inkişafının proqnozlaşdırılması və optimal idarə olunması, layların neft veriminin yüksəldilməsi və hasilatın intensivləşdirilməsi kimi mühüm elm sahələrinin fundamental və tətbiqi problemlərinin işlənilməsində əhəmiyyətli xidməti olan və aldığı nəticələrlə tanınan neftçi-alim idi.

Arif Mehdi oğlu Quliyev 1933-cü il dekabr ayının 15-də Füzuli rayonunun Gecəgözlü kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki ADNSU) fərqlənmə diplomu ilə bitirmiş və həmin dövrdən etibarən Azərbaycan Milli Elmlər Akademiyasında Neft Ekspedisiyasında, Neft və Qaz Yataqlarının İşlənməsi, Dərin Neft və Qaz Yataqları Problemləri, Geologiya və Geofizika və Neft və Qaz İnstitutlarında böyük laborant, kiçik və boyük elmi işçi, laboratoriya və şöbə müdiri, baş elmi işçi vəzifələrində işləmiş, Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda (hazırkı SOCAR “Neftqazelmitədqiqatlayihə” İnstitutu) kiçik elmi işçi, böyük mühəndis vəzifələrində çalışmışdır. Ömrünün son illəri ərzində AMEA-nın Neft və Qaz İnstitutunda “Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri” şöbəsinin baş elmi işçisi vəzifəsində çalışmışdır. 1976-1985-ci illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1963-cü ildə texnika elmləri namizədi, 1974-cü ildə texnika elmləri doktoru elmi dərəcələrini, 1977-ci ildə isə professor elmi adını almış, 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir. O, 2021-ci ilin sentyabr ayının 16-da vəfat etmişdir.

Əldə etdiyi elmi nəticələr əsasında bir çox təsərrüfat müqaviləsi işləri yerinə yetirilmiş, həmin nəticələrin bir qismi müxtəlif “Rəhbər Sənəd” lərə daxil edilmiş, müxtəlif illərin ən mühüm elmi nəticələri kimi dəfələrlə SSRİ EA və AMEA-nın hesabatlarına salınmış, Azərbaycan, Rusiya və Türkmənistanın neft və qaz yataqlarının işlənilməsinin layihələndirilməsi və təhlili üzrə özünün iştirakı və rəhbərliyi ilə aparılan işlərdə istifadə olunmuşdur. 4 elmlər doktoru və 14 elmlər namizədi hazırlamış, 253 elmi əsərin, o cümlədən 10 monoqrafiya və kitabın, neftqazçıxarma terminlərinin rus¬ca-ingiliscə-azərbaycanca izahlı lüğətinin, istehsalatda tətbiq olunan 6 təlimat və metodik rəhbərliyin, 12 ixtira və patentin və tələbə və magistrlərin istifadəsi üçün nəzərdə tutulan 1 metodiki göstərişin müəllifi olmuşdur.
Həmmüəlliflərlə birgə tərtib etdiyi neftqazçıxarma terminlərinin izahlı lüğəti neftqazçıxarmanın bir sıra sahələrinə dair ən çox istifadə olunan 11 mindən artıq mühüm termini əhatə etməklə hal-hazırda neftqaz sənayesi mütəxəssisləri, elmi işçilər, müəllim, tələbə və magistrlər, elmi-texniki ədəbiyyatın tərcüməçiləri üçün dəyərli vəsaitə çevrilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyəti ərzində təhsilin keyfiyyətini yüksəltmək məqsədilə müasir tədris laboratoriya və kabinetləri yaratmış, biliyin testlə yoxlama sistemini ilk dəfə tətbiq etmiş, elmi-tədqiqat laboratoriyası təşkil etmiş və tələbələri elmi-tədqiqat işinə cəlb etməklə tədrislə elmin vəhdətinin yaradılmasına nail olmuşdur.

Elmi-pedaqoji fəaliyyətinə görə M.İ.Qubkin adına mükafatın laureatı, SSRİ ixtiraçısı fəxri adlarına layiq görülmüş və keçmiş Sov. İKP MK, SSRİ Nazirlər Sovetinin, ÜİHTMŞ və ÜİLKGİ MK-nin, SSRİ maarif nazirliyinin, eləcə də AMEA Rəyasət Heyətinin bir sıra Fəxri fərmanları ilə, həmçinin medallarla təltif olunmuşdur.

ABŞ-da dərc olunan “Universal Journal of Geoscience” jurnalının xarici eksperti, “Earth Sciences”, “International Journal of Oil, Gas and Coal Engineering” və “Science Journal of Energy Engineering” jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur.

Vətənimiz üçün ağır olan bir dövrdə, “Quruçay” xeyriyyə cəmiyyətinin və “Qarabağ Uğrunda Ümumazərbaycan Hərəkatı”nın sədri kimi, qaçqın və məcburi köçkünlərə dayaq olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yönümündə əvəzsiz ictimai fəaliyyətləri olmuş, bu fəaliyyətlər istiqamətində həmişə dövlətin mənafeyini qoruyan, vətənini, xalqını canından artıq sevən əsil vətəndaş-ziyalı nümunəsi göstərmişdir.

A.M.Quliyev şəxsi insani-peşəkar keyfiyyətləri və əldə etdiyi elmi-təcrübi nəticələrə görə həm SSRİ məkanında, həm də ölkəmizdə neftçi alim-mütəxəssislər arasında böyük şöhrət və rəğbət qazanmışdır. Bundan sonra da onun işıqlı xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.

A.M.Quliyevin əldə etdiyi nəticələr hal-hazırda da öz aktuallığını itirməmiş, bu xüsusda əminik ki, bu nəticələr bundan sonra da hələ uzun illər ərzində öz aktuallığını və əhəmiyyətini qoruyub saxlayacaq və bütövlükdə malik olduğu elmi irsi neft-qaz elminin inkişafına və bu istiqamətdə neçə-neçə elmi tədqiqatçı nəslinin formalaşmasına öz tövhəsini verəcəkdir.


AMEA Neft və Qaz İnstitutunun “Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri” şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Bünyad Zinhar oğlu Kazımov