AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-02-24 12:50:30 891

AMEA Neft və Qaz İnstitutu SOCAR-ın Kompleks Qazma İşləri Tresti ilə elmi-texniki əməkdaşlıq haqqında müqavilə imzalayıb

AMEA Neft və Qaz İnstitutu SOCAR-ın Kompleks Qazma İşləri Tresti ilə elmi-texniki əməkdaşlıq haqqında müqavilə imzalayıb. Müqavilənin məqsədi mürəkkəb şəraitdə qazma işlərinin keyfiyyətini təmin edən qazma, tamponaj məhlulları parametrlərinin tədqiqi və tənzimlənməsi üzrə birgə elmi-tədqiqat və tətbiqi işlərinin aparılmasıdır.

Müqavilədə tərəflərin icra edəcəyi işlərin proqramı öz əksini tapmışdır. Belə ki, proqramda mürəkkəb dağ-geoloji şəraitdə quyu divarlarının bərkidilməsi texnologiyasının müasir vəziyyətinin təhlili; qazma və sement məhlullarının keyfiyyətinə əsas amillərin təsirinin tədqiqi üsulunun və metodikasının işlənməsi; müxtəlif doldurucuların qazma və sement məhlullarının xassə göstəricilərinə təsirinin eksperimental tədqiqi və nəticələrin interpretasiyası nəzərdə tutulur. Həmçinin müqavilə çərçivəsində geoloji şəraitin qiymətləndirilməsi, quyu tikintisinin layihələndirilməsi, risklərin təhlili və qiymətləndirilməsi zamanı texnoloji qərarların təkmilləşdirilməsi; mürəkkəb şəraitdə quyuların qazılması zamanı istifadə olunan məhlulların nisbi effektivliyinin təhlili aparılacaqdır. Qazma zamanı mürəkkəbləşmələrin ağırlıq dərəcəsinin qiymətləndirilməsi məqsədilə geoloji-texnoloji tədqiqatların məlumatlarına əsasən mürəkkəbləşmiş intervalların proqnozlaşdırılma imkanlarının göstərilməsi və geoloji obyektlərin petrofiziki xassələrini nəzərə alaraq qeyri-səlis klaster üsulu ilə məsələ qoyuluşu və həlli də nəzərdə tutulur.

Elm, təhsil və sənayenin inteqrasiyası olaraq, AMEA Neft və Qaz İnstitutu və SOCAR-ın Kompleks Qazma İşləri Trestinin birgə elmi-texniki əməkdaşlığı elmin inkişafına və kadr hazırlığına öz töhfəsini verəcəkdir. Belə ki, alimlər apardıqları nəzəri tədqiqatlarının eksperiment yolu ilə sınaqdan keçirilməsi imkanını əldə edəcək, sənaye isə elmi cəhətdən əsaslandırılmış dəstək alacaq. Həmçinin “Quyuların qazılması” ixtisası üzrə institutun magistraturasında təhsil alan tələbələrə trestdə təcrübə keçmək üçün şərait yaradılacaqdır.

Qeyd edək ki, müqavilənin imzalanması hər iki müəssisənin nümayəndələrinin görüşü zamanı baş tutmuşdur. Görüşdə AMEA Neft və Qaz İnstitutu tərəfindən baş direktor akademik F.Ə.Qədirov, icraçı direktor professor V.Ş.Qurbanov, şöbə müdiri AMEA-nın müxbir üzvü Q.M.Əfəndiyev, elmi katib y.e.f.d. Ş.M.Hüseynova, elmi işçi M.H.Yusifov, SOCAR-ın Kompleks Qazma İşləri Tresti tərəfindən trestin rəisi t.ü.f.d. E.T.Süleymanov və departamentin rəis müavini M.Hacıyev iştirak etmişlər.