AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-03-27 17:27:39 261

Martın 27-si Azərbaycanda Elm Günüdür

Martın 27-si Azərbaycanda Elm Günüdür. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir.

Bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir. Ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərib. Akademiyanın sürətli inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər deyib: “Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq”.

Azərbaycanda elmin çox zəngin tarixi və ənənələri var. Əsrlər boyu Azərbaycan alimləri elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri sanballı əsərlərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstərib, Şərqlə Qərb arasında elmin varislik əlaqələrinin qorunub saxlanması işinə dəyərli töhfələr veriblər.

Respublikamızda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan elmində islahatların aparılması, mövcud problemlərin aradan qaldırılması və elmin qarşısında duran strateji vəzifələrin icrası, həmçinin ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman və sərəncamlar imzalanıb. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər bütövlükdə elmimizin inkişafına böyük təkan verib. Dövlət başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanun respublikada elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

https://science.gov.az/az/news/open/20278