AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-03-29 13:02:57 839

AMEA Neft və Qaz İnstitutunda Elm gününə həsr olunan elmi sessiya keçirilib

Sessiyanı giriş sözü ilə açan institutun icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizdə Elm gününün təsis edilməsinin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında elmin böyük rolu vardır.

O vurğulayıb ki, müstəqillik illərində Azərbaycanda elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir. Nəticədə AMEA-nın strukturu, idarəetmə və təşkilati sistemi əsaslı olaraq təkmilləşdirilib, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün mühüm işlər görülüb.

Tədbirdə şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bünyad Kazımov "Neftqazçıxarmada modelləşdirmə və riyazi üsulların tətbiqi" mövzusunda elmi məruzə təqdim etdi. O, çıxışında gənc tədqiqatçıların öz tədqiqat işlərini yerinə yetirərkən dayanıqlı qərarların əldə edilməsi məqsədilə modelləşdirmə və riyazi üsulların tətbiqinə önəm vermələrinin zəruri olmasını qeyd etdi.

İnstitutun şöbə müdiri, f-r.e.d. Ədalət Həsənov "Məhsuldar kollektorların açıq məsaməliyinin paylanması xüsusiyyətlərinin rəngli vizuallaşdırma modelin tərtibi" mövzusunda elmi təqdimatla çıxış etdi. O, Neft və Qaz İnstitutunun alimlərinin Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetinin əməkdaşları ilə apardıqları birgə tədqiqatların nəticələri barədə danışdı.

Məruzədə Moskudinskoye neft yatağının quyu kəsilişındəki məhsuldar horizontlardan biri üçün quyu karotajının, eləcə də kern nümunələrin mikrokompüter tomoqrafiyası məlumatlarının emalı nəticələri təqdim edilmişdir. Aparılmış araşdırmalar kollektorların tipini və məsamə boşluğunun strukturunu müəyyən etməyə imkan verdi. MS Excel proqram məhsulundan istifadə etməklə ilkin verilənlər massivinin sonradan böyüdülməsi, tərkibindəki dəyərdən asılı olaraq hər bir məsamə kəmiyyətinə öz rəngini təyin etməklə nəticəni vizuallaşdırmağa imkan yaradıldı. Əldə edilən rəng vizuallaşdırma modeli kollektorun təhlil edilən həcmində açıq məsamələrin paylanması xüsusiyyətlərini qiymətləndirməyə kömək edir və kern daxilində və boyunca məsaməliyin orta dəyərləri içəridə eninə və uzununa flyuid keçirən kapilyarların mövcudluğunu əyani şəkildə təsvir edir.

Daha sonra Gənc Alim və Mütəxəssislər şurasının üzvləri Rahilə Əliyevanın "Qarabağın işıqlı gələcəyi", Aygün Qulizadənin "Azərbaycan İqtisadiyyatında neftin rolu", Sahilə Nəsibovanın "Palçıq vulkanı" və Məhəmməd Dadaşovun "Qara Qızıl" mövzularında məruzələri dinlənildi.

Sonda Gənc Alim və Mütəxəssislər şurasının sədri Pünhan Səmədli göstərilən diqqətə görə rəhbərliyə öz təşəkkürünü bildirdi və Elm Günü münasibəti ilə alim və mütəxəssisləri təbrik etdi.