AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-04-28 10:30:17 813

“Qarabağ - Şərqi Zəngəzur regionlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi” mövzusunda konfrans keçirilib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə “Qarabağ - Şərqi Zəngəzur regionlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının təsərrüfata cəlb edilməsi olub.

Konfransda Yer Elmləri bölməsinin Elmi şurasının sədr müavini, akademik Fəxrəddin Qədirov, Bakı Dövlət Universiteti və Azərbaycan Pedaqoji Universitetinin coğrafiyaçı alim və mütəxəssisləri iştirak edib.

İclası giriş sözü ilə açan akademik F. Qədirov iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzu edib.

Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov tədbir iştirakçıları salamlayaraq, bugünkü konfransın “Şuşa ili”nə həsr olunduğunu diqqətə çatdırıb. O bildirib ki, xalqımız Qarabağı işğaldan azad etməklə tarixi ədalətin bərpasına və Azərbaycandan qoparılmış torpaqların özünə qaytarılmasına nail oldu. Üç onillik ərzində ermənilərin viran qoyduğu ərazilər indi artıq bərpa olunmağa başlayıb, tikinti, abadlıq işləri sürətlə davam edir, qaçqın və köçkünlərin tez bir zamanda öz yerlərinə qayıda bilmələri üçün dövlətimiz var gücü ilə çalışır. Bu isə böyük vəsait və zaman tələb edir. Hökumət tərəfindən xüsusi dövlət proqramı tərtib edilib, böyük maliyyə vəsaiti ayrılıb. Bu işlərin həyata keçirilməsi üçün elm adamları da öz sözünü deməlidir. Coğrafiya İnstitutu Qarabağ ərazisinin təbii-coğrafi şəraitinin tədqiqini, yenidən qiymətləndirilməsini, təbii ehtiyatlarından istifadənin öyrənilməsini öz üzərinə götürüb. İnstitut əməkdaşları eyni zamanda “Qarabağın coğrafiyası...” kitabını hazırlayıb çap etdiriblər.