AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-05-10 06:59:54 892

Heydər Əliyev ideyaları və məfkurəsi ölməzdir

Hər hansı bir xalqın, dövlətin tarixini yaradanlar və onu istiqamətləndirərək yaşadanlar onun tarixi şəxsiyyətləridir. Belə ki, bir xalqın, dövlətin tarixi nə qədər mürəkkəb sınaq və çətinliklərlə üz-üzə qalsa da onun taleyində tərəqqipərvər dünya cəmiyyətinin ideallarına cavab verə biləcək tərzdə onları dəf edə bilən bir ziya və məfkurə daşıyıcısı hökmən yetişəcəkdir ki, onun sayəsində bütün neqativ yönümlü ideyaların qarşısına sipər çəkilsin, onların geniş şaxələnməsi baş verməsin. Ulu öndər Heydər Əliyev belə ziya və məfkurə daşıyıcısı idi. O, bizi müasir şəraitdə aqressiv təsirlərdən tarixin uçuq dalanlarında ilişib qalmaq, mənəviyyatı korşalmış topluya çevrilmək təhlükəsindən birdəfəlik xilas edərək, sabahın aydın şəfəqlərinə qovuşdurdu. O, bizə daxili və xarici köləlik və əsarətlə barışmamaq, sivil dəyərlərə yiyələnməklə sabahın qurucularından olmaq kimi keyfiyyətləri aşıladı. O, öz amalı, əqidəsi, fəaliyyəti ilə hər kəsə bir nümunə oldu. Bundan xalqımızın hər bir nümayəndəsi faydalı örnək qazandığı halda, düşmənlərimiz isə bizlərə qarşı həsəd, paxıllıq, riyakarlıq düşüncə və davranışları əldə etdilər. O, öz məfkurəsi, ziyası ilə düşmənlərə həmişəlik olaraq haqq qarşısından çəkilmək, ona maneçilik yaratmamaq kimi mövqe və davranış məziyyətlərini elmi-siyasi çəkili tezisləri ilə sərt və lakonik formalarda çatdırmış, bununla da onları hərtərəfli fiaskoya uğratmışdır. Budur bugünkü Azərbaycan reallığı və onun gücü. Düşmən cəbhəsi pərən-pərən düşüb. Dost cəbhəsinin sıraları daha da sıxlaşır, artır. Artıq dünya cəmiyyətinin tarixi inkişafı dönməz bir dəyişikliklər mərhələsinə qədəm qoymuşdur. Bu mərhələdə baş verən və ya baş verəcək hadisələr inkişafyönümlü meylləri geri ata biləcək hökmə, qüvvəyə sahib deyil və olmayacaq. Ulu öndərin bizə qoyduğu ideyalar və məfkurə bu mərhələdə bizə hər cür neqativ fəsadlara qarşı dayanıqlıq əldə etməyə, qorunmağa və öz haqq mübarizəmiz yolunda sərgilədiyimiz fəaliyyətlərdə daha da məqsədyönlü və yenilməz olmağa imkan verəcəkdir. Budur Heydər Əliyev qüdrətinin bariz səciyyəsi. İllər, əsrlər gəlib keçəcək, bu səciyyə isə dəyişməz olaraq qalacaqdır – getdikcə yeni tarixi-ictimai çalarlarla daha da zənginləşəcəkdir. Ulu öndərin cəfakeş fəaliyyəti hesabına gələcəyimizə ərməğan olaraq yaratdığı tarixi-mənəvi miras xalqımız və dövlətimizin bugününü və gələcəyini hifz edərək yaşadan və onu davamlı olaraq təşəkkül etdirən həyati qüvvə kimi özünü bütün səviyyələrdə və səciyyələrdə biruzə etdirəcəkdir.



AMEA Neft və Qaz İnstitutunun şöbə müdiri,
texnika üzrə fəlsəfə doktoru Bünyad Zinhar oğlu Kazımov