AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2020-07-29 14:54:30 964

Ali Baş Komandan: “Nəyi ediriksə, dəqiqliklə edirik”

2016-cı ilin aprel ayının əvvəlində tariximizə dörd günlük müharibə kimi həkk olunan döyüşlərdə qazanılan uğur xalqımızda torpaqlarımızın düşmən əsarətindən tezliklə azad olunacağına olan ümid və inamı qat-qat yüksəltmiş, düşmənin xəyali üstünlüyünə dair eyforik düşüncələrinə sarsıdıcı zərbə vurmuşdur. Belə bir şəraitdə ölkəmiz aparılan düzgün və təxirəsalınmaz dövlət tədbirləri və həyata keçirilən islahatlar sayəsində hərtərəfli və dinamik surətdə inkişaf edir, eyni zamanda, beynəlxalq iqtisadi və siyasi müstəvidə günü-gündən güclənir. Bu inkişaf və gücün fonunda isə düşmən özünəməxsus “potensialla” adekvat tədbirləri həyata keçir­məyə sövq olunur, buna nail ola bilmədikcə isə ölkəmizin inkişafını və beynəlxalq nüfuzunun daha da artmasını görməzdən gəlir, Azərbaycana qarşı öz pozucu və mənfur planlarını həyata keçirməklə addımbaşı təxribat səciyyəli qeyri-konstruktiv əməllər nümayiş etdirirlər.

Ölkə başçımız, Ali Baş Komandan cənab İlham Əliyev yüksək tribuna­lardan erməni xislətini və bunun doğurduğu regional təhlükələri bütün dünyaya tarixi-məntiqi dəlillərlə dəfələrlə açıq bəyan etmişdir ki, bu da düşmənin dünya üçün anlaşıqsız və heç bir beynəlxalq norma və prinsiplərə uyğun gəlməyən əməllərini daha böyük vüsətlə davam etdirməyə sövq etdirmişdir. Necə deyərlər, haqq nazilər, amma üzülməz.

Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünün bərpası uğrundakı mübarizəsi əksər dünya ölkələri tərəfindən dəstəklənir və bu haqq işinə öz töhfələrini verməyə çalışırlar. Belə olan təqdirdə, düşmən artıq öz xislətini bəd əməlləri ilə ört-basdır edə bilməyəcəyini yaxşı anlamış və son əlac olaraq açıq təxribatlara əl atmağa başlamışdır.

Bunun nəticəsidir ki, iyulun 12-dən başlayaraq ölkəmizin sərhəd bölgələrində erməni xisləti yenidən özünü biruzə verməyə başlamışdır. Belə ki, işğalçılıq siyasəti yeridən Ermənistan dövlətinin hərbi silahlı birləşmələri iriçaplı silahlardan və artilleriya qurğularından Tovuz rayonunun yaşayış məntəqələrini və hərbi bölmə­lərimizin mövqelərini atəşə tutmaqla hücuma keçmiş, lakin bu hücumun qarşısı silahlı qüvvələrimizin hərbçiləri tərəfindən rəşadətlə dəf edilmiş, düşmənə sarsıdıcı zərbələr endirilmişdir. Bir daha əksər dünya ölkələri separatçı Ermənistan tərəfindən törədilən bu təxribat əməlini qınamış və təxribatın nəticə­lərinə görə, Ermənistanın məsuliyyət daşıdığını qeyd etmişlər.

Bu təxribatın arxasında Ermənistan vətəndaşlarının diqqətini düşdükləri mürəkkəb iqtisadi-siyasi vəziyyətdən yayındırmaq, özlərini təcavüzə məruz qalan yazıq cildində göstərməklə siyasi dividentlər əldə etmək və digər siyasi motivlərin dayandığı artıq hər kəsə aydındır.

Artıq Azərbaycan xalqı da yaxşı anlayır ki, ölkəmizin ərazi bütövlüyünün bərpasına yönələn səylərimiz öz bəhrəsini verməkdədir və qalibiyyət günü heç də uzaqda deyil. Azərbaycanın Silahlı Qüvvələri və qəhrəman Azərbaycan xalqı hər an Ali Baş Komandanın əmri ilə düşmən əsarətində olan torpaqlarımızı almağa və beləliklə, ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. Buna həm vətənpərvər vətən­daşları olan Azərbaycan xalqının cəsarətli qüvvəsi, həm də ölkədə forma­laşmış xalq-hakimiyyət birliyi əsas yaradır.

Dövlətimizin başçısı İlham Əliyevin bu dönəmlərdə söylədiyi bir tezisi qeyd etmək yerinə düşərdi: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.

Bünyad Kazımov, AMEA-nın Neft və Qaz İnstitutunun Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru