AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-08-19 08:13:55 701

Neft və Qaz İnstitutunun əməkdaşlarının Caspian Barrel saytında məqaləsi yayımlanıb

Neft və Qaz İnstitutunun “Neft-qaz sahəsinin geoekoloji problemləri” şöbəsinin müdiri Fəxrəddin Kərimov və işçisi Məhərrəm Mehtiyevin “SOCAR zavodlarında karbon qazından yanacaq kimi istifadə edilməsi təklif edilir” məqaləsi Caspian Barrel saytında yayımlanıb.

Azərbaycan alimləri dünya təcrübəsində atmosferdən karbon qazının tutularaq metanol və karbamid istehsalında xammal kimi istifadəsi layihələrinin mövcud olduğunu bildirirlər.

Dünya diqqətini Paris Sazişi öhdəliklərini yerinə yetirməyə yönəltdiyi zaman BMT-nin “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyası ölkələri daha ambisiyalı və təkmil iqlim fəaliyyəti planlarını hazırlamağa çağırır. Bu çağırış 23 İyun 2022-ci il tarixdə Almaniyanın Bon şəhərində keçirilən BMT-nin iqlim dəyişikliyi konfransının əsas istiqamətlərindən biri olub.

Ölkələr təcili olaraq Milli İqlim Dəyişiklikləri (NDC) kimi tanınan milli iqlim planları gücləndirməlidirlər ki, Paris Sazişində göstərilmiş atmosfer havasının orta illik artımının 1,5-2 0C səviyyəsində saxlanması mümkün olsun.

Təəsüf ki, son zamanlar əksər dünya xəbərlərində iqlim dəyişmələri haqqında müxtəlif mövzularda verilən məlumatlar vəziyyətin daha da pisləşməsini göstərir. Belə ki, 22 May 2022-ci il tarixdə ABŞ-nin Milli Hava Xidməti ABŞ-nin şimal-şərqində may ayı üçün rekord olan istilik dalğası barədə xəbərdarlıq etmişdi. Bildirilmişdi ki, temperatur bu günə kimi görünməyən 36 0C-yə qədər qalxmışdır. Hindistanda isə may ayında temperatur 50 dərəcəni ötüb. Mayayı Fransa üçün də ən isti olub. Hazırda iyul ayı Böyük Britaniya və İspaniya üçün xarakterik olmayan istilərlə müşayiət olunur.

Fransa, İspaniya və digər ölkələrdə baş verən meşə yanğınları bütün dünyada kəskin iqlim dəyişikliyinin nəticəsidir.

İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun hesabatına görə bütün qitələrdə və okeanlarda aparılan müşahidələr göstərir ki, bir çox təbii sistemlər artıq antropogen iqlim dəyişmələrinin təsirinə məruz qalırlar.

Ekspertlər qrupunun rəyinə və aparılan tədqiqatlara əsasən qeyd etmək olar ki, cənubi Avropa, Qafqaz və Mərkəzi Asiyada iqlim dəyişmələri temperaturun artmasına, quraqlıqlara, su resurslarının azalmasına, hidroenerjinin, yay turizminin və ümumilikdə mədəni bitkiçiliyin potensialının aşağı düşməsinə səbəb olacağı gözlənilir.

2015-ci ildə Paris şəhərində Dünya hökumət rəhbərlərinin, o cümlədən Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə BMT-nin “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyası xətti ilə keçirilən 21-ci beynəlxalq “İqlim dəyişmələri” Konfransında qəbul olunmuş Paris Sazişi Azərbaycanın Milli Məclisi tərəfindən 2016-cı ildə ratifikasiya edilib.

Sazişlə əlaqədar Azərbaycan Respublikası özünün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədini hazırlayıb və Konvensiya katibliyinə təqdim edib. Sənəddə qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə özünün töhfəsi olaraq Azərbaycan 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürülüb.

İqlim dəyişmələri katibliyinə təqdim edilmiş Azərbaycanın 4-cü milli məlumatları sənədində aparılan qiymətləndirmə göstərir ki, Azərbaycanda təklif olunmuş tədbirlərin yerinə yetirilməsi nəticəsində 2030-cu ilə qədər ölkənin istixana qazlarının azaldılması 1990-cı ilin yalnız 10%-ni təşkil edəcəkdir. Buna görə də öhdəliyin yerinə yetirilməsi üçün daha təsirli tədbirlərin görülməsinə ehtiyac vardır.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulub. Onlardan biri də vətənimizi “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevirməkdir.

Bu bənd daxilində ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələri səmərəli istifadə edilməlidir. Prioritetlər daxilində yüksək keyfiyyətli ekoloji mühitin və yaşıl enerji məkanın reallaşmasına nail olunmalıdır.

Digər tərəfdən enerji təhlükəsizliyini yüksək səviyyədə saxlamaq üçün ölkənin qaza olan tələbatı ödənilməli, həmçinin dövlətlərarası bağlanmış müqavilələr yerinə yetirilməlidir. Son zamanlar dünyada baş verən hadisələr xaricdə enerji tələbatının diversifikasiyasını dəyişməyə başlamışdır. Artıq bir sıra dövlətlər Azərbaycan qazının alınmasına maraq göstərdiklərini bəyan edirlər. Avropa İttifaqı rəhbərinin Bakıya gəlişi və Azərbaycanla Avropa İttifaqı arasında enerji memorandumunun imzalanması bunun bariz nümunəsidir.

İmzalanmış Memoranduma əsasən Tərəflər gələn il qaz nəqlinin həcmini 12 milyard kubmetrə, növbəti illərdə isə 20 milyard kubmetrə çatdırmağı hədəfləyiblər. Proqnozlara görə, bu il Avropaya ixrac olunan illik qazın həcmi 10 milyard kubmetri üstəməlidir.

Avropa İttifaqı üzünü “daha etibarlı tərəfdaşlara” tutmağa qərar verib, deyə xanım Ursula fon der Leyen bildirib və “Azərbaycanı onların arasında görməyə şadam” deyə əlavə edib.

“Anlaşma Memorandumunda göstərilən ikinci ən əsas məsələ bərpaolunan enerji ilə bağlıdır. Azərbaycanın bu sahədə inanılmaz imkanları mövcuddur. Sonuncu məsələ isə qaz nəqli zamanı iqlim amilinin nəzərə alınmasıdır”.

Prezdent İlham Əliyev həmin memorandumu “gələcək üçün “yol xəritəsi” kimi qiymətləndirib. O, Avropa İttifaqı ilə əvvəllər imzalanmış və həyata keçirilmiş enerji layihələrini xatırladaraq deyib ki, bu razılaşmanın da uğurlu olacağına əmindir. Onun sözlərinə görə, Azərbaycanın təkcə neft-qaz sahəsində yox, həm də külək-günəş kimi alternativ enerji mənbələrində böyük potensialı var.

Bu ilin 15-16 aprel tarixlərində Dünya Dairəvi İqtisadiyyat Forumu keçirilib. Forumda BMT-nin yüksək səviyyəli iqlim rəsmilərinin çıxışlarında dövri (xammalın istifadəsi və tullantıların idarə olunması) iqtisadiyyata keçid təşviq edilib. Bunun iqlim məqsədlərinə nail olmaq və qlobal iqtisadiyyatı daha güclü və daha yaxşı şəkildə yenidən qurmaq üçün vacibliyi göstərilib.

Avropaya nəzərdə tutulmuş qazın tədarükü üçün Azərbaycanda mövcud təbii qaz resurslarından səmərəli istifadə qaçılmazdır. Bu məsələ həmçinin ölkə Prezidentinin 30.04.2022-ci ildə ADA universitetində təşkil olunan “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” konfransındakı çıxışında öz əksini tapmışdı. Həmin konfransda Dövlət başçısı SOCAR-ın rəhbərliyinə təbii qaz itkilərinin azaldılması və əlavə resursların əldə edilməsi göstərişini vermişdir.

Bu məsələ ilə əlaqədar AMEA Neft və Qaz institutu həm təbii qaza qənaət və həm də dekarbonizasiya istiqamətində tədqiqat işləri apararaq layihə təklifləri işləyərək müvafiq dövlət qurumlarına yönəltmişdir.

Bu layihələrdə ölkənin istilik elektrik stansiyalarında enerji istehsal etmək üçün yandırılan metan qazından atmosferə atılan, iqlim dəyişmələrinə mənfi təsir göstərən istixana qazı olan karbon qazının tutularaq xammal kimi istifadəsi nəzərdə tutulmuşdur. Belə ki, hazırda dünyada bir çox tanınmış şirkətlərin layihələrində tutulan karbon qazından xammal kimi, karbamid gübrəsi, metanol və digər məhsulların istehsalında istifadə edilir. Bu yönümlü layihələrin tətbiqi üçün ölkəmizdə çox münbit şərait mövcuddur. Hazırda Bakıda metanol zavodu və Sumqayıtda karbamid zavodu fəaliyyət göstərir. Həmin zavodlarda xammal kimi, metan qazından istifadə edilərək sintez prosesindən sonra karbon qazı əldə edilir və həmin karbon qazından metanol və karbamid gübrəsinin alınması prosesində istifadə olunur.

Həmin zavodlara yaxın olan elektrik stansiyalarından (Səngəçal, Cənub, Sumqayıt) il ərzində atmosferə 4,6 milyon kubmetr karbon qazı buraxır. Həmin karbon qazının tutulub sözügedən zavodlara xammal kimi verilməsi nəticəsində xeyli təbii qaza qənaət edilə bilər.

Qeyd edək ki, dünya təcrübəsində atmosferdən karbon qazının tutularaq metanol və karbamid istehsalında xammal kimi istifadəsi layihələri mövcuddur. Karbon qazını tutan müasir texnologiya və avadanlıqların istehsalı sahəsində ixtisaslaşmış şirkətlər tərəfindən artıq bir çox ölkələrdə bu tip layihələr tətbiq edilir.

Karbon qazının atmosferə atılmasının qarşısının alınması Azərbaycanın qəbul etdiyi Paris Sazişi öhdəliklərini yerinə yetirməyə töhfə vermiş olacaqdır.

Bundan başqa, yaranan karbon qazı azalmaları karbon krediti şəklində Avropa və digər inkişaf etmiş ölkə bazarlarında satıla bilər. Qeyd edək ki, Avropa İttifaqında karbon kreditləri 2018-ci ildə $7,78-25,19 (ortalama $16,21)/ton səviyyəsində ticarət edilib.

Son 3 ildə (2018-2021) karbon krediti 6 dəfəyə qədər artaraq orta hesabla 65 dollara qədər çatmışdır. Proqnoza görə bu da son hədd deyil. Belə olan halda yuxarıda təklif olunan layihələrin həyata keçirilməsinə çəkilən xərclər 2-3 il ərzində geri qaytarıla bilər.

Beləliklə, təklif olunan layihələr planlı şəkildə həyata keçirilərsə, dövlət əlavə təbii qaz resursu əldə etmiş olacaq.

http://caspianbarrel.org/az/2022/08/socar-zavodlarinda-karbon-qazindan-yanacaq-kimi-istifad-edilm-si-t-klif-edilir/