AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-09-23 12:15:37 704

Biotəhlükəsizlik, herantoloji tədqiqatlar, ekoturizm, yaşıl iqtisadiyyat – onlayn seksiya iclası keçirildi

Seksiya iclasında Neft və Qaz İnstitutundan Fəxrəddin Kərimov, Rəhilə Əliyeva və Məhərrəm Mehtiyev “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl energetikanin inkişafı imkanlarının qiymətləndirilməsi” mövzusunda çıxış etdilər.

Azərbaycan ordusunun 44 gün ərzində apardığı müharibə və qazandığı qələbə təcrübəsi bu gün də dünyanın ən qüdrətli orduları tərəfindən öyrənilir. Hərbi təcrübəmiz yalnız strateji və taktiki baxımdan deyil, həm də yüksək və ağıllı texnologiyaların tətbiqi baxımından da öyrənilir. Belə ki, “Dəmir yumruq” əməliyyatının 44 günü ərzində çoxlu sayda dronlardan istifadə edilərək yanacaq enerjisinə qənaət edilmiş və ətraf mühitə təsir minimum olmuşdur.

Azərbaycan öz sosial-iqtisadi inkişafının strateji məsələlərində ekoloji prinsipləri önə çəkərək insan fəaliyyətinin bütün sahələrində enerji səmərəliyi, alternativ və bərpa olunan enerji resurslardan istifadəyə üstünlük verir. Müharibənin nəticəsi olaraq Azərbaycan Respublikasının işğal olunmuş ərazisində yeni yaranmış “Qarabağ” və “Şərqi Zəngəzur” iqtisadi rayonların iqtisadiyyatının dirçəlməsi də Prezidentimiz tərəfindən 2021-ci ildə imzalanan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamı ilə uzlaşmalıdır. Bu sərəncam isə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin tərkib hissəsidir.

Azərbaycanın Energetika Nazirliyi ilə Yaponiyanın “Tepsco” şirkəti arasında müqavilənin imzalanması işlərin uğurla irəlilədiyin daha bir təsdiqidir. Nazirliyin bu barədə məlumatında bildirilir ki, müqavilə işğaldan azad edilmiş ərazilərdə külək, günəş, hidroenerji, geotermal və bioenerji kimi bərpaolunan enerji potensialından istifadə, enerji səmərəli texnologiya və müasir enerji idarəetmə yanaşmalar əsasında “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanmasını nəzərdə tutur.

Enerji məqsədli istifadə olunan mənbələrdən biri də odundur. Enerji infrastrukturu olmayan uzaq dağ kəndlərində insanların sosial tələbatının ödənilməsi, həmçinin bir sıra milli yeməklərin hazırlanması üçün odunun istifadəsi qaçılmazdır. Həm də ağac karbonu udduğu üçün onun tullantısı sıfır hesab olunur. Buna görə də həmin ərazilərdə meşə bərpası və yeni meşə massivlərinin salınması prioritet məsələdir. Azad olunmuş ərazilərdə meşələrin bərpası və yeni meşə sahələrinin yaradılması ilə bağlı layihələrin həyata keçirilməsi təbii meşələrin qorunmasına və inkişafına yardım etmiş olar. Bir sözlə, işğaldan azad olunmuş Şuşa və ətraf ərazilərini “yaşıl enerji” məkanına çevirmək üçün bütün mümkün imkanlardan səmərəli istifadə edilməlidir. Bu istiqamətdə görülən işlər ölkəmizin daha böyük sosial-iqtisadi inkişafına xidmət edəcək.

Çıxışlar ətrafında suallar verildi və seksiya üzvləri tərəfindən bəyənildi.