AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-09-26 10:28:58 695

“Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın bağlanış mərasimi Şuşada keçirilib

22-23 sentyabr 2022-ci il tarixlərində AMEA-da keçirilən “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın bağlanış mərasimi bu gün Şuşada, Cıdır düzündə baş tutub. Tədbiri giriş sözü ilə AMEA-nın vitse prezidenti akademik İradə Hüseynova açdiqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra vətən yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bağlanış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Qarabağın azad olunması, eləcə də bu ərazilərin yenidən tədqiqi üçün imkanların yaradılmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, əzəmətli ordumuza konfrans iştirakçıları adından təşəkkürünü bildirib. Əlavə edib ki, Qarabağda aparılan tədqiqatlara həsr olunmuş ötənilki və builki konfransın keçirilməsi məhz ölkə Prezidentinin qətiyyəti və ordumuzun qüdrəti sayəsində mümkün olmuşdur.

Akademik İradə Hüseynovanın sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunmasından sonra bu ərazilərimizə soydaşlarımızın Böyük Qayıdışı ilə yanaşı, elmin də “Böyük Qayıdış”ı başlamışdır.

Yer elmləri bölməsi üzrə elmi şuranın sədr müavini, Neft-Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov çıxış edərək Azərbaycan alimlərinin Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları ilə bağlı apardıqları tədqiqatları daha da gücləndirməsinin vacibliyindən danışıb. O, azad olunmuş ərazilərimizdə çox sayda bioloji, ekoloji, geoloji tədqiqatların aparılmasına böyük ehtiyac duyulduğunu bildirərək, bu istiqamətdə işlərin sürətləndirilməsinin zəruriliyinə toxunub. Akademik yeni geoloji konsepsiya əsasında Qarabağ iqtisadi royonunda dəqiq geoloji-geofiziki tədqiqatların aparılmasının zəruriliyini qeyd edib.

Akademik Fəxrəddin Qədirov konfransın gedişatı haqqında da öz fikirlərini bildirib və tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilat komitəsinə, xüsusilə Biologiya və Tibb Elmləri Bölməsinə minnətdarlığını bildirib.

Bağlanış mərasiminin sonunda konfrans iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə Azərbaycan alimlərinin azad edilmiş ərazilərdə elmi tədqiqatların bərpasına baxışlarını əks etdirən müraciətin ünvanlanması qərara alınıb.

Tədbirdən sonra konfrans iştirakçıları Şuşa şəhərində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin məqbərəsinə, şəhərin tarixi mərkəzini əhatə edən qala divarları - Şuşa qalasına, eləcə də “Güllələnmiş heykəllər” adlandırılan və Bülbülün Ev-muzeyində yerləşən Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəllərinə baxış keçiriblər.