AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-10-22 09:00:24 687

Tarix Muzeyində “Azərbaycanlı Prometey - Fərman Salmanov. Sibir neftinin kəşfi” adlı fotosərgi açılıb

Oktyabrın 21-də Milli Azərbaycan Tarixi Muzeyinin və Xantı-Mansiysk Muxtar Dairəsi – Yuqranın büdcə təşkilatı Geologiya, Neft və Qaz Muzeyinin (Rusiya Federasiyası) birgə layihəsi çərçivəsində məşhur azərbaycanlı geoloq, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanova həsr olunan “Azərbaycanlı Prometey - Fərman Salmanov. Sibir neftinin kəşfi” adlı fotosərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş görkəmli alimin həyat və fəaliyyətini əks etdirən 55 unikal foto nümayiş olunur.

Tədbirdə Tarix Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, Xantı-Mansiysk şəhəri Geologiya, Neft və Qaz Muzeyinin elmi işlər üzrə direktor müavini İvan Yaşkov, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov və digər çıxış edənlər Fərman Salmanovun fəaliyyətini yüksək qiymətləndiriblər.

Qeyd olunub ki, bütün həyatını neft və qaz yataqlarının işlənməsinə həsr edən Fərman Salmanovun adı dünya neft tarixinə Tümenin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olub. O, heç bir neft ehtiyatının olmadığı iddia edilən Qərbi Sibirdə 1961-ci ildə ilk neft yataqlarını üzə çıxarıb. Fərman Salmanovun rəhbərliyi altında karbohidrogen ehtiyatları ilə zəngin yüzdən artıq irihəcmli yataq kəşf edilərək istismara verilib. Məhz həmin yataqların işlənilməsi sayəsində keçmiş Sovetlər İttifaqı dünyanın ən çox neft və qaz ixrac edən ölkələri sırasına çıxmışdı.

Tədbirdə “100 ilin adamları” layihəsi çərçivəsində “Geoloq Fərman Salmanov” adlı film nümayiş olunub.