AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-12-12 05:51:24 653

Bugünkü qüdrətli Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir

Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyalarının işığında zirvədən-zirvəyə, qələbədən-qələbəyə doğru inamla irəliləyir. Uca zirvələr uzaqdan daha aydın göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü də illər ötdükcə daha dərindən dərk olunur. Buna mütənasib olaraq xalqın öz dahi oğluna məhəbbət və ehtiramı da artır.

Ümummilli lider Heydər Əliyevin vəfatından ötən 19 ildə Azərbaycan tanınmaz dərəcədə dəyişərək dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Otuz il işğal altında qalan torpaqlarımız siyasi-hərbi yolla azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə bir sıra transmilli energetika və nəqliyyat layihələri reallaşdırılıb. TANAP və TAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi ölkəmizə mühüm siyasi-iqtisadi dvidendlər gətirməkdədir. Bu gün Azərbaycan azsaylı kosmik ailənin üzvünə çevrilib. Səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız uca zirvələrdə dalğalanır. Bütün bu uğurların, möhtəşəm qələbələrin əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.

Xalqın öz böyük oğluna tükənməz məhəbbət və ehtiramı

Zamanın axarında Azərbaycan da, həyatımız da tamamilə dəyişib. Dəyişməyən yeganə reallıq xalqın öz böyük oğluna tükənməz məhəbbət və ehtiramıdır. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşayır, yollarımızı daim işıqlandırır.

Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı öz xilasına, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham Ulu Öndərin xatirəsinə əbədi ehtiramdan xəbər verir. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi hisslərin parlaq təzahürüdür.

AzərTac