AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-12-17 06:47:15 707

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun və AMEA Yer Elmləri Bölməsinin Elmi Şuralarının birgə iclası keçirilib

İclasda AMEA Yer Elmləri Bölməsinin elmi şurasının sədri akademik İbrahim Quliyev, sədr müavini akademik Fəxrəddin Qədirov, elmi katibi Reyhan Qasımova, üzvləri Akif Əlizadə, Vasif Babazadə, Qurban Yetirmişli, Qalib Əfəndiyev, Qərib Calalov və Dadaş Hüseynov iştirak etmişdir.

16 dekabr 2022-ci il tarixində Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun və AMEA Yer Elmləri Bölməsinin birgə iclasında Neft və Qaz İnstitutunun 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında yekun hesabat dinlənilmişdir. İclası giriş sözü ilə açan institutun baş direktoru, akademik Fəxrəddin Qədirov iclas iştirakçılarını salamlayaraq, məruzə ilə çıxış etmək üçün sözü institutun icraçı direktoru, g.-m.e.d. prof. Vaqif Qurbanova verdi. Belə ki, Vaqif Qurbanov cari ildə Neft və Qaz İnstitutunda 3 problemin həlli üçün 5 mövzu üzrə 7 elmi tədqiqat işinin aparılmasını və ilin sonunda 3 ETİ-nin başa çatdığını qeyd etdi. O, başa çatmış ETİ-lərin nəticələri haqqında ətraflı məlumat verdi. O, qeyd etdi ki, yerinə yetirilən elmi tədqiqat işləri çərçivəsində 3 mühüm elmi nəticə alınmış və nüfuzlu elmi jurnallarda dərc edilmişdir. Vaqif Qurbanov AMEA RH tərəfindən maliyyələşən 1 elmi tədqiqat proqramının yerinə yetirilməsi haqqında da məlumat verdi və alınmış nəticələr barədə danışdı. İnstitutun beynəlxalq əlaqələri haqqında məlumat verərkən, Vaqif Qurbanov 3 yeni əməkdaşlıq sənədinin imzalanmasını qeyd etdi və xarici elmi müəssisələrlə institutun əlaqələrinin daha da genişləndirilməsini vurğuladı.

O, institutda SOCAR, AR Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, Rusiyanın Fundamental Elmi Tədqiqatlar Fondu tərəfindən dəstək almış bir sıra qrant layihələrinin icra vəziyyətindən danışdı və 1 layihənin beynəlxalq statusa malik olduğunu qeyd etdi. O, SOCAR-ın Elm Fondu tərəfindən dəstəklənən 2 layihənin, AR Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və Rusiyanın Fundamental Elmi Tədqiqatlar Fondunun dəstəyi ilə 2 layihənin cari ildə başa çatması və onların nəticələrini təqdim etdi və daha 1 yeni layihənin müsabiqəyə təqdim edildiyini dedi. Məruzəçi hesabat ilində institut əməkdaşları tərəfindən 65 elmi əsərin, o cümlədən 6 monoqrafiya, 42 məqalə, 17 konfrans məruzələrinin tezislərinin dərc edildiyini söylədi. Həmin əsərlərdən 18 elmi məqalə və 9 tezis xaricdə, 16 məqalə Web of Science və SCOPUS bazalarında indeksləşən jurnallarda dərc edilmişdir. İnstitut əməkdaşlarının elmi əsərlərinə 520 istinad olmuşdur.
Daha sonra isə cari ildə institutun strukturu, sosial sferada fəaliyyətı, maddi-texniki təchizatı, elmi kadrların hazırlanması, elm və təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqəsi və elmin kütləvi təbliği, Gənc alim və mütəxəssislər Şurasının fəaliyyəti, koronavirus COVID-19 pandemiyası ilə əlaqədər görülən tədbirlər, təltif və mükafatlar, yubileylər və s. haqqında ətraflı məlumat verdi.

Yekun olaraq iclasda hesabat ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı və təkliflər dinlənildi. İclas iştirakçıları institutun kollektivinin 2022-ci il ərzində apardığı elmi-tədqiqat işlərinin nəticələrini yüksək qiymətləndirərək hesabatın qəbul edilməsini məqsədəuyğun hesab etdilər.