AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-02-03 07:19:19 622

AMEA-da 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

Fevralın 2-də Akademiyanın Əsas binasının akt zalında AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbiri keçirilib.

Yığıncaqda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev “AMEA-nın elmi gəncliyi: uğurlar və vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi bildirib ki, AMEA-da yüksəkixtisaslı və peşəkar gənc tədqiqatçıların hazırlanması istiqamətində mühüm addımlar atılıb. Gənclərin tədqiqat işlərinin nəticələri bu gün “Web of Science” və “Scopus” platformalarında indeksləşən jurnallarda çap olunur. E.Babayev vurğulayıb ki, Akademiyanın elmi müəssisə və təşkilatlarına 647 magistrant qəbul olub və onlardan 179 magistr təhsil aldığı müəssisələrin elmi işçiləri olaraq fəaliyyətlərini davam etdirirlər.

Gənc alim GAMŞ-ın elmlə təhsilin vəhdətinin möhkəmləndirilməsi siyasətinə uyğun olaraq fəaliyyətini genişləndirdiyini, orta məktəblərdə silsilə görüş və tədbirlərin təşkil edildiyini, AMEA-nın institut və təşkilatlarında “Açıq qapı” günlərinin davam etdirildiyini diqqətə çatdırıb. Asudə vaxtın səmərəli təşkili üçün il ərzində Gənc Alim və Mütəxəssislər Şurası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Lənkəranda “Gənc alimlərin yay düşərgəsi”, Mingəçevirdə “Gənclərin İnnovasiya düşərgəsi” və Qusarda “Gənc mühəndislərin yay düşərgələri” təşkil olunub.

Şura sədri əlavə edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən 44 günlük Vətən müharibəsində canı, qanı ilə mübarizəyə qatılan igid, mübariz gənclərlə yanaşı, elmi, zəkası və biliyi ilə AMEA-nın gənc alim və mütəxəssisləri informasiya müharibəsində də əzmkarlıqla mübarizə aparıblar. Haqq səsimizin müxtəlif dillərdə dünya mətbuatında və sosial şəbəkələrdə işıqlandırılmasında xidmət göstəriblər.

Tədbirdə Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli və sədr müavini İsmayıl İsmayılov iştirak ediblər.