AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-06-23 08:17:22 486

“Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransının açılışı olub

İyunun 22-də AMEA-nın Əsas binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransının açılışı baş tutub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Ulu Öndər Heydər Əliyevin daim Azərbaycan gəncliyinə xüsusi diqqət yetirdiyini, onların ali təhsilli, vətənpərvər ruhda, milli kimliklərinin və şəxsiyyətlərinin azərbaycançılıq ideyası işığında formalaşmasına önəm verdiyini bildirib. Qeyd edib ki, Heydər Əliyevin zəngin həyatının, çoxcəhətli fəaliyyətinin, ideallarının mərkəzində Azərbaycanın dövlətin müstəqilliyinin əbədi qorunub saxlanması, inkişaf etdirilməsi dayanırdı və bu siyasətin içərisində daim gənclərə xüsusi önəm verirdi.

Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev “Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin konseptual əsasları və hədəfləri” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, müasir dövrdə gənc nəslin potensial imkanlarının açılması, təzahür etməsi, ictimai önəminin ifadəsi və ümumiyyətlə gənclərin bir şəxsiyyət kimi formalaşmasında elmin və təhsilin yeri böyükdür.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədlini “Heydər Əliyev ili“ çərçivəsində Ulu Öndər Heydər Əliyevin dövlətçilik idealları və milli dəyərlərimizin təbliği istiqamətində göstərdiyi aktiv fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif etdi.