AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2024-01-19 05:49:41 212

20 Yanvar

Otuz dörd il əvvəl yanvarın 20-də ölkəmizə ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına axışaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə gətirib çıxardı. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet imperiyasının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. Böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə qovuşmağa can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirdi.

20 Yanvar faciəsi tarixi yaddaşımızda təkcə kədərli hadisə, hüzn günü kimi qalmadı, onun xalqımızın taleyindəki və tarixindəki yeri məna və mahiyyət baxımından daha mötəbərdir. 20 Yanvar Azərbaycan xalqının tarixinə həm də fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil oldu. Xalqımız XX yüzilliyin sonunda əvəzedilməz qurbanlar verdi, amma əsrlərlə iftixar ediləcək, qürur duyulacaq müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığı ilə müşayiət olunan bir tarix qazandı. Bütün dünyaya sübut etdi ki, biz bir millət olaraq haqq-ədaləti bərqərar etməyə və öz ləyaqətimizi qorumağa qadirik. Odur ki, Qanlı Yanvar Azərbaycan xalqı üçün faciə olmaqdan daha çox ləyaqətini qorumaq baxımından ən uca zirvə, bu yolda hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli səhifədir.