AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2024-01-23 08:47:07 317

AMEA-nın Yer Elmləri Bölməsi 2023-cü ildəki fəaliyyətlərinə dair hesabat verib

AMEA-nın Rəyasət Heyətinin Yer Elmləri Bölməsinin (YEB) və Şəki Regional Elmi Mərkəzinin (Şəki REM) 2023-cü il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin üzvləri, bölmənin elmi müəssisələrin direktorları, direktor müavinləri, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, şöbə müdirləri, gənc alim və mütəxəssislər, sahibkarlar və aidiyyəti şəxslər iştirak ediblər.

Əvvəlcə YEB-də və Şəki REM-də 2023-cü il ərzində əldə olunan nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Akademik İsa Həbibbəyli AMEA bölmələrinin hesabat iclaslarının Rəyasət Heyətinin Böyük akt zalında keçirilməsinin bölmələrdə əldə olunan yüksək elmi nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamın icrasından irəli gələn vəzifələr haqqında AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli qərarı barədə danışan akademik İsa Həbibbəyli AMEA-nın elmi bölmələri tərəfindən Sərəncamının icrası ilə bağlı Akademiyanın Tədbirlər planının hazırlanması üçün müvafiq təkliflərin Rəyasət Heyətinə təqdim edildiyini və bu təkliflər əsasında AMEA-nın Tədbirlər planının layihəsinin hazırlandığını qeyd edib.

İclasda AMEA Rəyasət Heyəti tərəfindən “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planı” təsdiq edilib.

AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının sədr müavini akademik Fəxrəddin Qədirov bölmənin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib. Bildirib ki, ötən il bölmənin müəssisələrində aparılan tədqiqatlar əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”, AMEA Ümumi Yığıncağının və Rəyasət Heyətinin aidiyyəti qərarlarının icrasına istiqamətlənib.

Akademik Fəxrəddin Qədirov qeyd edib ki, 2023-cü ildə AMEA-nın Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 14 problemi əhatə edən 43 mövzu, 47 elmi tədqiqat işi, 26 mərhələ üzrə elmi tədqiqat işi yerinə yetirilmiş, 18 mərhələ, 13 elmi-tədqiqat işi başa çatdırılmışdır. Hesabat ilində YEB-in əhatə dairəsində olan elmi müəssisədə 1 tətbiq işi tamamlanmış, 1 patent alınmış, təsərrüfat müqaviləsi əsasında 139 elmi-tətbiqi iş yerinə yetirilmişdir.

Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik Fəxrəddin Qədirov hesabat ilində Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 7 monoqrafiya, 12 kitab və 20 dərslik, 268 məqalə (108-i xaricdə), 185 tezisin (51-i xaricdə) nəşr edildiyini, onlardan 76-nın “Web of Science” və “Scopus” bazasında olan impakt faktorlu jurnallarda işıq üzü gördüyünü diqqətə çatdırıb.

“Heydər Əliyev İli” çərçivəsində görülmüş işləri diqqətə çatdıran məruzəçi bildirib ki, AMEA-nın Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə onlarla elmi konfrans, seminar, görüş və digər tədbirlər keçirilmiş, alimlərin Heydər Əliyevə həsr edilmiş kitabları, məqalələri və müsahibələri dərc edilmişdir.

O, həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib, kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq, qrantlar və təltiflər elektron elmin vəziyyəti, Vikipediya Virtual Ensiklopediyasında, eləcə də AMEA-nın müəssisələrinin saytlarının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.