AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2024-05-07 13:17:20 131

Neft və Qaz İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran elmi-təşkilati məsələlər ilə Şura üzvlərini tanış etdi. Elmi şura üzvləri tərəfindən gündəlik yekdilliklə təsdiq olundu.

İclasda qonaq qismində AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, ARETN Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə və SOCAR-ın nümayəndələri iştirak etmişdir.

İclasda g.-m.e.d., prof. Vaqif Kərimov “Hövzə analizi və modelləşdirilməsinin nəticələrinə əsasən Cənubi Xəzər hövzəsinin karbohidrogen sistemlərinin tədqiqi, generasiya potensialının və karbohidrogen resurslarının qiymətləndirilməsi (ilkin nəticələr)” mövzusunda elmi məruzəsi ilə çıxış etdi. Məruzəçi tədqiqatın davam etdirildiyini qeyd etdi və alınmış ilkin nəticələri təqdim edərək Cənubi Xəzər hövzəsinin tərtib edilmiş üçölçülü struktur-tektonik, sedimentasiya və çöküntü komplekslərinin qalınlıq modelləri, müxtəlif çöküntü komplekslərində müəyyən edilmiş litoloji-stratiqrafik tələlərin yerləşməsi ehtimal olunan zonalar və hövzənin paleocoğrafi şəraiti barədə danışdı. O, həmçinin qeyd etdi ki, Cənubi Xəzər hövzəsinin karbohidrogen sistemlərinin geokimyəvi parametrlərinin hövzə üzrə paylanması xəritələri və müxtəlif geokimyəvi parametrlər arasında asılılıqları əks etdirən Van Krevelen diaqramlarının tərtib edilmişdir. Məruzə böyük maraqla qarşılandı və geniş müzakirələrə səbəb oldu.
Müzakirə zamanı g.-m.e.d., prof. Vaqif Kərimovun “Hövzə analizi və modelləşdirilməsinin nəticələrinə əsasən Cənubi Xəzər hövzəsinin karbohidrogen sistemlərinin tədqiqi, generasiya potensialının və karbohidrogen resurslarının qiymətləndirilməsi (ilkin nəticələr)” mövzusunda elmi məruzəsinin aktuallığı qeyd edildi.

İclasda akademik Fəxrəddin Qədirov “Xəzər regionunun neftqazlılığı və geoekoloji problemləri” mövzusunda “Xoşbəxt Yusifzadə qiraətləri” beynəlxalq elmi-praktiki konfransın keçirilməsi barədə məlumat verdi.

Sonra y.e.f.d. Şəlalə Hüseynova və a.f.c.f.d. Bəhruz Əhədovun 14-19 aprel 2024-cü il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Avropa Yer Elmləri İttifaqının Baş Assambleyasının (EGU - 2024) növbəti iclasında iştirakı barədə hesabatları dinlənildi.

Daha sonra t.e.n. Bünyad Kazımovun dosent elmi adı alması üçün müraciətinə baxıldı və gizli səsvermə nəticələrinə əsasən AR Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında onun barəsində vəsatətinin qaldırılması qərarı qəbul edildi.