AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2024-06-25 10:20:55 78

Fəxrəddin Kərimov: “COP 29 ölkəmizdə təklif olunan ekoloji layihələrin həyata keçirilməsi üçün beynəlxalq ekoloji fondlardan istifadə etməyə imkan verəcək”

AR ETN Neft və Qaz İnstitutunun Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdiri Fəxrəddin Kərimov neft-qaz sahəsinin geoekoloji problemləri, Neft və Qaz İnstitutunun COP29 tədbiri ilə bağlı gördüyü işlər, geoekologiya ilə bağlı aparılan tədqiqatlar və digər mövzulara dair suallarımızı cavablandırıb.

– Fəxrəddin müəllim, əvvəlcə rəhbəri olduğunuz Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin fəaliyyəti ilə bağlı məlumat verməyinizi istərdik.

– Neft və Qaz İnstitutunun Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsi 2016-cı ildən etibarən fəaliyyət göstərir. Şöbədə əsasən CO2 qazının atmosferə atılmasının qarşısının alınması üçün beynəlxalq səviyyədə işlənən layihələr və tətbiqlər haqqında məlumatların toplanması, CO2 qazının tutulub-yığılması üçün qurğular istehsal edən şirkətlər ilə əlaqələrin yaradılması, Azərbaycanda təbii qazdan istifadə etməklə enerji istehsal edən iri müəssisələrin təyin edilməsi, tullantıların inventarlaşdırılması və həcmlərin hesablanması, CO2-nin saxlanması üçün geoloji formasiyaların araşdırılması istiqamətində tədqiqatlar aparılır.

Şöbədə bir sıra mühüm nəticələr əldə edilmişdir. 2017-2019-cu illərdə Azərbaycanda bir sıra iri mənbələrdən atmosferə atılan CO2 qazlarının miqdarının inventarlaşdırılması, tutularaq yeraltı laylarda saxlanılması və layların neftveriminin artırılması üsulları işlənilmişdir. 2020-2021-ci illərdə atmosferə atılan karbon dioksid qazının tutularaq sənayedə istifadəsi texnologiyasının Azərbaycanda tətbiqinin elmi-texniki və iqtisadi əsaslandırılması ilə bağlı tədqiqatlar aparılmışdır. Eyni zamanda, 2022-2024-cü illərdə atmosferə atılan karbon dioksidin tutularaq neft yataqlarının qalıq ehtiyatlarının çıxarılmasında istifadə metodologiyası işlənilir və ekoloji aspektləri öyrənilir.

Şöbənin iştirak etdiyi qrant layihələri haqqında da məlumat vermək istərdim. Belə ki, 2018-2019-cu illərdə Azərbaycanda metanol və karbomid gübrəsi istehsalında xammal kimi istifadə edilən təbii metan qazı (CH4) əvəzinə iri sənaye obyektlərindən atmosferə atılan karbon qazının (CO2) tutularaq yığılması və istifadə edilməsinin elmi-texniki, iqtisadi əsasları işlənilmiş və bir sıra təkliflər hazırlanmışdır. 2022-ci ildə icra edilən qrant layihəsi çərçivəsində atmosferə atılan antropogen mənşəli karbon qazının utilizasiyası məqsədilə ehtiyatı tükənmiş neft-qaz laylarının qaz saxlama anbarı kimi istifadəsinin yerüstü geofiziki tədqiqatı tükənmiş layların sayı və qaz tutumu imkanları işlənmişdir. Bu layihənin gələcəkdə tətbiq edilməsi hər il Şimal ES-da atmosferə atılan 2,0 mln ton karbon qazının tutularaq laylarda saxlanılmasına imkan verəcək.

– Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunda COP29 tədbiri ilə bağlı hansı işlər görülür?

– Ölkəmizdə baş tutacaq COP29 tədbiri elmi-tədqiqat müəssisələri, eləcə də neft və qaz sahəsində fəaliyyət göstərən alimlərimiz qarşısında yeni vəzifələr qoyur. Qeyd edim ki, Neft və Qaz İnstitutunun Neft-qaz sahəsinin geoekoloji problemlər şöbəsində ən mötəbər beynəlxalq tədbirlərdən olan COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunuş tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən, şöbədə iqlim dəyişmələri, maraqlı tərəflər üçün atmosferə atılan istixana qazlarının inventarlaşdırılması metodikasının öyrənilməsi, iqlim dəyişmələrinə mənfi təsir göstərən istixana qazlarının tutulması, istifadəsi və yeraltı qaz saxlama anbarlarında yığılıb saxlanılması layihələri üzərində işlərin davam etdirilməsi və digər aktual mövzularda tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, cari ilin fevral ayında “Azərenerji” ASC-də keçirilən seminarda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a hazırlıqla bağlı Tədbirlər Planı müzakirə olunmuşdur. Tədbirdə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən olan nümayəndələr, AMEA-nın vitse-prezidentləri iştirak etmişdir. Seminarda Neft və Qaz İnstitutunda hazırlanmış layihə təklifləri tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

– COP29-un ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Bu sualın cavabına möhtərəm Prezidentimiz İlham Əliyevin fikirləri ilə başlamaq istəyirəm: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik”.

Bu mühüm tədbir Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Tədbir iqlim dəyişikliyinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin həyata keçirilməsi üçün platforma rolunu oynayacaq. COP29-un digər əhəmiyyəti ilə bağlı deyə bilərəm ki, ölkəmizdə təklif olunan ekoloji layihələrin həyata keçirilməsi üçün beynəlxalq ekoloji fondlardan istifadə imkanı yaranacaq.

– Ölkəmizdə yeni prioritet elmi istiqamətlərdən olan geoekologiya ilə bağlı tədqiqatlar hansı səbəblərdən aktuallıq kəsb edir?

– Geoekologiya elmi yerin daxilində və xaricində baş verən proseslərlə canlı aləm arasında mövcud olan əlaqəni, canlı aləmin yaşaması üçün əlverişli şəratin (mühitin) yaradılması nöqteyi nəzərindən öyrənir. Geoekologiya geologiya və ekologiya fənnlərinin sərhədində yaranmaqdadır. Geoekologiya canlı aləmin yaşadığı şərait, onlar arasında qarşılıqlı münasibət, bu şəraitin geoloji mühitdə baş verən dəyişikliklərlə əlaqədar dəyişməsi, canlı varlığın təsiri ilə geoloji mühitin dəyişməsi, yəni canlı varlıqla geoloji mühit arasında qarşılıqlı münasibət haqqında elmdir.

Geoekologiya bəşəriyyət üçün böyük əhəmiyyəti olan təbii və təbiəti mühafizə biliklərinin sintezidir. Eyni zamanda, təbii proseslərin geoloji mühitə və təbii-texnogen sistemlərə mümkün təsir nəticələrini qiymətləndirməyə və qabaqcadan söyləməyə imkan verir. Yer səthində və təkində təbii və oyadılmış (hərəkətə gətirilmiş) geoloji proseslərin gedişini müəyyən edən təbii və texnogen amillərin öyrənilməsi təbii kortəbii hadisələrin nəticələrini zəiflətməyə və geoloji mühitə antropogen fəaliyyətin təhlükəli təsirini azaltmağa imkan verir. Öz inkişafında bu elmi sahə müxtəlif təbii və tətbiqi elmlərə - geologiya, fiziki coğrafiya, geomorfologiya, hidrogeologiya, meteorologiya, seysmologiya, geofizika, geokimya, mühəndis geologiyası, dağ işləri, faydalı qazıntıların kəşfiyyatı və işlənilməsi və s. istinad edir.

– Bu gün iqlim dəyişikliyi proqnozları hər kəsi narahat edir. Azərbaycan alimləri bu problemə dair hansı araşdırmaları aparır?

– Düzdür, son illər Yer kürəsində qlobal iqlim dəyişmələri özünü daha qabarıq göstərir. Bu səbəbdən elmi cəhətdən inkişaf etmiş qabaqcıl ölkələrin alim və mütəxəssisləri, siyasətçiləri qlobal istiləşmənin səbəblərini aydınlaşdırmaq, ona qarşı mübarizə yollarını müəyyənləşdirmək üçün səylərini birləşdirir, təkliflərini verirlər.

İqlim dəyişikliyinin qarşısının alınması və COP29 tədbirinə töhfə vermək məqsədilə Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsi tərəfindən Azərbaycanın “Cənub” və “Sənqəçal” elektrik stansiyalarında təbii qazın yandırılmasından atmosferə atılan karbon qazının tutularaq xammal kimi Metanol istehsalında istifadəsi, “Sumqayıt” ES-dən atmosferə atılan karbon qazının tutulması və xammal kimi Karbamid gübrəsi istehsalında istifadəsi, eləcə də Azərbaycanın “Şimal” elektrik stansiyasında atmosferə atılan istixana qazlarının tutulması və Zirə neft-qaz yatağının ehtiyatı tükənmiş laylarında saxlanılmasına dair təkliflər hazırlanmış, müxtəlif dövlət qurumlarına təqdim olunmuşdur.

Müsahibə üçün təşəkkür edirəm!

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri