AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-03-03 08:00:16 1151

AMEA Neft və Qaz İnstitutunun Elmi şurasının onlayn iclasında bir sıra elmi və elmi-təşkilati məsələlər müzakirə olunub

AMEA-nın Neft və Qaz İnstitunun Elmi şurasının onlayn iclası keçirilib. İnstitutun direktoru, akademik Fəxrəddin Qədirovun sədrlik etdiyi iclasda elmi işlər üzrə direktor müavini, elmi katib, elmi şura üzvləri, şöbə müdirləri və digər aidiyyəti əməkdaşlar iştirak ediblər. Əvvəlcə akademik Fəxrəddin Qədirov gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib.
İclasda İnstitutun Neft-qaz geofizikası şöbəsinin müdiri g.-m.e.d. N.P.Yusubovun “Cənubi Xəzər çökəkliyinin çöküntü kompleksinin dərin qatlarının neft-qazlılıq potensialı haqqında (seysmik kəşfiyyat və QGT məlumatları əsasında)” adlı məruzəsi dinlənildi. Məruzəçi mövcud seysmik və dərin qazıma məlumatlarının kompleks interpretasiyası əsasında Azərbaycan ərazisinin çöküntü kompleksinin geoloji quruluşu və neft-qaz yataqlarının yaranma mexanizmlərinə dair əldə etdiyi bir sıra yeni nəticələr haqqında danışdı. O bildirdi ki, regional miqyaslı seysmik profillər (RMSP) üzrə ümumi dərilik nöqtəsi (ÜDN) üsulunun istifadəsilə qeydə alınmış əksolunan seysmik dalğa sahəsinin geoloji dəyərləndirilməsi (ƏSDS-GD) əsasında Azərbaycanın depressiya zonalarında, o cümlədən Orta Xəzər və Cənubi Xəzər çökəkliklərinin Azərbaycan sektorlarında akustik bünövrənin yatma dərinlikləri, digər sözlə, çöküntü qatının qalınlığı haqqındakı məlumatlar dəqiqləşdirilmişdir. N.Yusubov çöküntü kompleksinin dabanının: Orta Kür Çökəkliyində Yura; Aşağı Kür, Cənubi Xəzər və Orta Xəzər çökəkliklərində və Quba-Xəzəryanı rayonunda Paleozoy yaşlı bünövrə ilə təmasda olması haqqında fikir irəli sürdü. RMSP üzrə ÜDN üsulundan istifadə edilməklə qeydə alınmış ƏSDS-GD əsasında əvvəllər mövcudluğu güman edilən tektonik qırılmaların Azərbaycanın depressiya zonalarının, o cümlədən Cənubi Xəzər və Orta Xəzər çökəkliklərinin çöküntü qatında yer almadığını sübut edən faktlar gətirdi. O, həmçinin, Məhsuldar Qatın (MQ) Balaxanı lay dəstəsindən sonrakı intervallarında müşahidə olunan tektonik qırılmaların palçıq vulkanizmi ilə əlaqəliliyini seysmik məlumatlar əsasında göstərdi. Azərbaycanın neftli-qazlı rayonlarında neft-qaz yataqlarının yaranması haqqında danışarkən N.Yusubov, Orta Kür Çökəkliyi və Quba Xəzəryanı rayonunda neft-qaz yataqlarının laydaxili miqrasiya nəticəsində ana süxurlardakı, eyni zamanda onların Mezozoy yaşlı çöküntü kompleksilə təmaslarındakı rezervuarlarda, Cənubi Xəzər və ona bitişik Aşağı Kür çökəkliklərində palçıq vulkanizminin eruptiv kanalları ilə Maykop çöküntülərindən daşınan karbohidrogen flüidlərinin MQ-nin rezervuarlarında toplanması nəticəsində yarandıqlarını qeyd etdi. Sonda N.Yusubov bildirdi ki, tədqiqatın əsas nəticələri, 3-ü yerli, 2-si РИНЦ və 4-ü Web of Science və Scopus bazalarında indeksləşən jurnallarda olmaqla, 9 elmi məqalədə dərc etdirilmişdir.
Məruzə iclas iştirakçılarının böyük marağına səbəb oldu və müzakirələr aparıldı. Qeyd edildi ki, N.Yusubovun məruzəsi neft-qaz geologiyasının ən aktual məsələlərindən olan neft-qaz yataqlarının yaranma mexanizminin tədqiqinə töhfə verə bilər və nəticələrin ilkin qiymətləndirmə səciyyəsi daşıdığını nəzərə alaraq mövzu üzrə tədqiqatların davam etdirilməsinin məqsədəuyğun hesab edilməsi haqqında qərar qəbul edildi.
Elmi məruzədən sonra 2021-ci ildə başa çatması planlaşdırılan 2 şöbənin yerinə yetirdiyi ETİ-nin gedişatı haqqında müzakirələr aparılıb: “Atmosferə atılan karbon dioksid qazının tutularaq sənayedə istifadəsi texnologiyasının Azərbaycanda tətbiqinin elmi-texniki və iqtisadi əsaslandırılması” adlı ETİ (Rəhbər – F.N.Kərimov) və “Cənubi Xəzər meqaçökəkliyinin geodinamik rejiminin və struktur-tektonik xüsusiyyətlərinin neft-qaz yığımlarının formalaşmasında rolu” adlı ETİ (Rəhbər – g.-m.e.d., prof. V.Ş.Qurbanov). Akademik F.Qədirov İnstitutun şöbələrinin yerinə yetirdikləri elmi tədqiqat işlərinə dair tapşırıq və tövsiyələrini verib.
Sonra 2021-ci il üçün AMEA Neft və Qaz İnstitutunun doktoranturasına və dissertanturasına qəbul planı, tələbələrin payız sessiyası üzrə attestasiyanın nəticələri haqqında Təhsil şöbəsinin müdiri A.R.Hüseynov məlumat verdi.
Daha sonra g.-m.e.n., dos. Məlahət Əlipaşa qızı Əfəndiyevanın elmlər doktorluğu üzrə dissertasiya mövzusunun qismən dəyişdirilməsi haqqında müzakirələr aparıldı və mövzu təsdiq edildi.
İclasın sonunda İnstitutun strukturunda yeni yaradılan “Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi” şöbəsinin müdiri vəzifənin tutulması üçün müsabiqə keçirildi. Səs vermə yolu ilə həmin vəzifəyə texnika elmləri doktoru Mahir Əbdüləli oğlu Rəsulov seçildi. Qeyd edək ki, vakant olan şöbə müdiri vəzifəsinin tutulması üçün 18 yanvar 2021-ci il tarixində Xalq və Elm qəzetlərində və AMEA-nın və Neft və Qaz İnstitutunun rəsmi internet saytlarında elan verilmişdir.